Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu təhsil ocağının yaranmasının 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, tədbir sıra meydanına bayrağın gətirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liseyin şəxsi heyəti, pedaqoji kollektiv, kursantların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər hərbi təhsil ocağının tarixi və hazırda görülən işlər barədə danışıblar.
Rəsmi hissədən sonra liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Mərasimdən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.