Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) konfransı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, iki gün davam edəcək tədbirdə 40-dan çox universitet rektoru iştirak edir. Tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib ki, 1965-ci ildə yaradılan Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) platformasında bir qayda olaraq dünyada ali təhsil sahəsində baş verən yeniliklər, gələcəyə baxış və digər məsələlər müzakirə olunur : " Bugünkü tədbirin Azərbaycanda keçirilməsinə üç ildir ki, hazırlaşırıq. Beləliklə biz regionda və dünyada ali məktəblər arasında körpü rolunu oynaya bildik".
Rektor daha sonra deyib ki, ADNSU 2015-ci ildən UPBA-nın üzvüdür : " Bu konfransın ölkəmizdə keçirilməsinə qısa vaxtda nail ola bildik. UPBA-nın prezidenti Kaxa Şengeliya ölkəmizi ev sahibi kimi seçib, buna görə ona təşəkkürümü bildirirəm. Tədbirə qatılan 40-dan çox rektor iki gün ərzində, dünya ali təhsilində baş verən yenilikləri, gələcəyə baxışı müzakirə edəcək. Forumda təkcə Gürcüstandan 10-dan çox rektor iştirak edir. Bundan istifadə edərək konfrans çərçivəsində Gürcüstan və Azərbaycan rektorlarının iclaslarını keçirmək fikrindəyik”.
M.Babanlının sözlərinə görə, Gürcüstan tərəf “Gürcüstan-Azərbaycan Ali Məktəblərinin Assosiasiyası”nı yaratmaq və ildə bir dəfə hər iki ölkədə bu qurumun iclaslarını keçirmək təklifini irəli sürüb. Bu, qonşu və dost ölkələrin ali məktəblərinin bir-birinə inteqrasiyasını və mobillik məsələlərini həll etməsinə kömək göstərəcək.