logo

Lənkəranın Xolmili kəndinə içməli su xətti çəkilib

16:33 22-12-2017 | icon 2324
Lənkəranın Xolmili kəndinə içməli su xətti çəkilib

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, dekabrın 22-də Lənkəran rayonunun Xolmili kəndində içməli su xətti istifadəyə verilib.

YeniAvropa xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, tikinti təşkilatının təmsilçiləri, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edən Taleh Qaraşov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə layihələrin Lənkəranda da uğurla həyata keçirildiyini bildirib.

T.Qaraşov çıxışında dövlətimizin başçısının fəaliyyətinin əsasında Azərbaycan vətəndaşının, onun firavan həyatının təmin olunmasının durduğunu və genişmiqyaslı mədəni-quruculuq işlərinin, yaşayış məntəqələrinin kütləvi qazlaşdırılmasının, yeni asfalt yolların, körpülərin salınmasını, çoxlu sayda sosial obyektlərin tikintisinin, o cümlədən yeni istifadəyə verilən yüksək keyfiyyətli içməli su xəttlərinin çəkilişinin məhz bu amala xidmət etdiyini vurğulayıb.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, kənd ziyalısı Qasım Əliyev çıxışlarında içməli su xəttinin istifadəyə verilməsini kəndin sosial həyatında mühüm hadisə kimi dəyərləndiriblər.

Kənd sakinləri əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş infrastruktur layihələrinin icrasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.