logo

“Koroğlu” stansiyasının aeroport istiqamətində olan çıxışındakı dayanacaq ləğv edilir

19:35 18-04-2018 | icon 2261
“Koroğlu” stansiyasının aeroport istiqamətində olan çıxışındakı dayanacaq ləğv edilir

Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib.

BNA sərnişinlərə tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metro stansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edir.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləğv ediləcək.