Oktyabrın 25-dən 28-dək Bakıda “Japan Expo-2018” sərgisi keçiriləcək. YeniAvropa xəbər verir ki, bu barədə Yaponiyanın “Prtimes.jp” saytı məlumat yayıb.
Xəbərdə qeyd edilib ki,“Japan Expo-2018” yapon məhsulları sərgisində 300-ə yaxın şirkət öz məhsullarını təqdim edəcək. Həmçinin, yapon iş adamları Azərbaycanın dövlət qurumları, yerli şirkətləri və iş adamları ilə birbaşa ünsiyyətdə ola biləcəklər. Odur ki, Azərbaycana səfərin, Bakıda baş tutacaq növbəti sərginin yapon iş adamları üçün əlverişli addım olacağı xüsusi vurğulanır.
Azərbaycan tərəfinin sərgiyə böyük maraqla yanaşdığı, ölkə mətbuatının bu sərgiyə mühüm informasiya dəstəyi verdiyi xüsusi qeyd edilir.
Sərginin Yaponiya tərəfdən builki təşkilatçısı “Connect Corporation” şirkətinin Azərbaycanın “Silkway Group” ilə yaratdığı birgə müəssisə tərəfindən yapon məhsullarının Bakıya təhlükəsiz çatdırılacağı da vurğulanır.
Xatırladaq ki, ötən il Bakıda təşkil edilən “Japan Expo-2017” yapon məhsulları sərgisi şəhər sakinləri, iş adamları və dövlət qurumları tərəfindən böyük maraqla qarşılanıb.