Aprelin 26-da Bakıda enerji sistemlərinin birləşdirilməsinə dair Azərbaycan-İran- Rusiya üçtərəfli görüşü küçiriləcək. Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüş çərçivəsində , həmçinin, İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafına dair məsələlərin də müzakirə ediləcəyi planlaşdırılır.
Məlumatda qeyd edilib ki, bütün bu məsələlər Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfəri zamanı əsas müzakirə mövzusu olub. İran İslam Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.
Bundan əlavə, “Azərenerji” ASC şirkəti ilə İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb. Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanılacaq.