Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə martın 1-dən etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı artıq 600-ə yaxın namizəd ərizə təqdim edib.
Komissiya tərəfindən ərizə qəbulunun aprelin 16-da başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ənənəvi ödənişsiz hazırlıq kursunun başlanılması qərara alınıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcək.
İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.