logo

Nardaranda xeyli sayda silah-sursat aşkarlanıb

15:22 10-04-2018 | icon 2226
Nardaranda xeyli sayda silah-sursat aşkarlanıb

Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursatın olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib. Həmin ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 12 metr dərinliyindəki quyudan sandıqçasında 20 patron olan “Kalaşnikov” markalı avtomat silah aşkarlanaraq götürülüb.

Həmçinin 42-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib. Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı torpağa basdırılan “Karabin” markalı yivli tüfəng, “Makarov” markalı tapança, iki ədəd F-1 əl qumbarası və alışqanı, bir ədəd “AK 74” avtomatına məxsus süngü bıçağı, həmçinin müxtəlif növ 65 patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.