Hazırda Gürcüstanın dövlət və özəl ali məktəblərində 3000-dək Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycan vətəndaşlarının təqribən 500-ü dövlət, qalanı isə özəl ali məktəblərdə təhsil alırlar.
YeniAvropa xəbər verir ki, bu haqda Gürcüstan Milli Statistika İdarəsinin məlumatında bildirilib. Qeyd edilir ki, 2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşların sayı 2691 nəfər olub. Lakin Gürcüstan Boloniya təhsil bəyannaməsinə (Avropa ali təhsil məkanı bəyannaməsi) qoşulduğu üçün xarici tələbələrin qəbulu yanvar ayında da həyata keçirilib və bu səbəbdən Azərbaycan vətəndaşlarının sayının artması istisna edilmir.
Məlumatda həmçinin qeyd edilib ki,hazırda Gürcüstanın ali məktəblərində on mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunların 4 mindən çoxu Hindistan vətəndaşlarıdır. 2017-2018-ci ildə Gürcüstan ali məktəblərinə qəbul olan xarici tələbələrin sayı 2016-2017-ci tədris ili ilə müqayisədə 2 min nəfər çoxdur.
Gürcüstandakı xarici tələbələrin 7 mindən çoxu tibbi və sosial, 2 mindən çoxu humanitar və incəsənət, qalanları isə tikinti və sənaye istehsalı sahələri üzrə təhsil alırlar.