logo

 “Azeri Light”ın satışından 2008-2013-cü illərdə Azərbaycan 1,8 milyard dollar gəlir əldə edib

20:27 06-04-2018 | icon 2674
 “Azeri Light”ın satışından 2008-2013-cü illərdə Azərbaycan 1,8 milyard dollar gəlir əldə edib

2008-2013-cü illərdə “Azeri Light” nefti Azərbaycana 1,8 milyard dollara yaxın əlavə gəlir gətirib.

YeniAvropa xəbər verir  ki, bu fikri SOCAR-ın prezidenti Rövnəq Abdullayev "www.yap.org.az" saytına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir. Məhz bu səbəbdən prezident İlham Əliyev Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoyub. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə yeni bazarlarda möhkəmlənib.

“İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azeri Light” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıdıb, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırıb. Bu gün “SOCAR Trading” şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırıb. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olub”, - deyə R.Abdullayev vurğulayıb.