logo

Göygöldə 73 kq partlayıcı maddə, Ağcabədidə tank əleyhinə mina tapılıb

18:52 05-04-2018 | icon 2373
Göygöldə 73 kq partlayıcı maddə, Ağcabədidə tank əleyhinə mina tapılıb

 Aprelin 5-də saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və üç karton bağlamada ümumi çəkisi 73 kiloqram (TNT ekvivalenti 75.19 kiloqram) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub. Həmin partlayıcı maddə zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Onun ətrafında üç min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Aprelin 5-də, həmçinin saat 16:23-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində hərbi sursata oxşar əşyanın tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə Qarqar çayına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində bir təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkarlanıb və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Həmin minanın ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən aprelin 5-dək ANAMA tərəfindən 2432 partlamamış hərbi sursat, tank əleyhinə üç mina, 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 49 min 315 kvadratmetr ərazi yoxlanılıb.