logo

Bakıda saxta bal sexi aşkarlanıb

10:50 18-12-2020 | icon 2464
Bakıda saxta bal sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

Agentliyin əməkdaşları həmin ünvana baxış keçiriblər və baxış zamanı bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Qablaşdırılan məhsuldan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və bildirir ki, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.