Vətən müharibəsindəki şanlı Qələbənin şərəfinə “8 Noyabr” adlandırılan Bakı Metropoliteninin yeni stansiyasının lövhəsi artıq quraşdırılıb.
YeniAvropa xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyada hazırda son tamamlanma işləri görülür. Stansiyanın ətrafında yerləşən yolun tikintisi və istifadəyə verilməsi başa çatdırılıb.
“Bənövşəyi xətt” üzrə ümumi uzunluğu 167 metr olan bu metro stansiyada bəzi yeniliklər mövcuddur. Belə ki, sərnişinlər stansiyaya giriş zamanı həm pilləkənlərdən, həm də eskalatordan istifadə edə biləcəklər.
Metro stansiyasını fərqləndirən bir cəhət də ondan ibarətdir ki, qatarların hərəkət zamanı bir istiqamətdən digərinə keçə bilməsi üçün keçid olacaq. Bu da qatarların hərəkətində intensivliyin artmasına və qatarların sayının artırılması şərait yaradacaq.
Yeni metro stansiyası 3 səviyyədən ibarətdir, texniki səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər stansiya avadanlıqları yerləşir. Keçid xarakterli bu səviyyədən sərnişinlər eskalator və pilləkənlə vestibülə enəcəklər. Buradan qatarların hərəkət edəcəyi platforma səviyyəsinə pilləkən və eskalatorlarla keçid mümkündür. Ümumiyyətlə stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə paylaşması 17 eskalatorla həyata keçiriləcək.
Qeyd edək ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin bu yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.