Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən İsveçrə vətəndaşı “yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və çantasında təkrar yoxlama aparılıb.
Nəticədə, çantanın içərisindəki ayaqqabının taylarında coraba bükülərək gizlədilmiş, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 199 ədəd - hər biri 100 avro nominalında əsginas olmaqla, cəmi 19 min 900 avro aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.