Mart ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonlarında və Sumqayıt şəhərində 4 milyon 410 min 908 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 1542 partlamamış hərbi sursat, o cümlədən tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, əməliyyatlara 490 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 518 milyon 51 min 689 kvadratmetr ərazi təmizlənib, 794 min 151 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib
Martda ANAMA-ya Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 12 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 13 müraciət daxil olub. Müraciətlər əsasında 8050 kvadratmetr ərazi yoxlanılıb, 1329 partlamamış hərbi sursat və tank əleyhinə mina aşkarlanıb. Hərbi sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.