Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyə edilmiş əməkdaşları martın 31-də iş yerlərinə qaytarılıb.
SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov YeniAvropa-ya bildirib ki, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Xatırladaq ki, martın 30 və 31-də açıq dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, 1000-dən çox işçi dəniz platformalarından təxliyə edilib, açıq havada aparılan işlərə, o cümlədən nəqliyyat və işçilərin estakada və dəniz özüllərində hərəkət etməsinə məhdudiyyət qoyulub.