Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev də iştirak edib.
YeniAvropa xəbər verir ki, tədbir çərçivəsində gündəlikdə dayanan bir sıra məsələlər müzakirə edilib, qərarlar qəbul olunub. Qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb. İcraiyyə Komitəsi üzvlərinin yekdil səslərinə əsasən, MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev 9 dövləti əhatə edən (Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan, İran) BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib.
Tədbirdə, həmçinin BƏOK-un 2017-ci ilin yekunlarına əsasən fərqlənənlərə mükafatların təqdimetmə mərasiminin də sentyabrın 20-27-də Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində təqdim olunması qərara alınıb.