logo

SOCAR Türkiyədəki neft emalı zavodunu sentyabrda istifadəyə verəcək

22:37 30-03-2018 | icon 2702
SOCAR Türkiyədəki neft emalı zavodunu sentyabrda istifadəyə verəcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində martın 30-da şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də bu ilin sentyabrında istismara veriləcək "STAR" neft emalı zavoduna baş çəkib.

SOCAR-dan YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki, SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirib.

Qeyd olunub ki, ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 milyon dollar vəsaitə qənaət edilib. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonunadək “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, səhmlərinin dəyəri isə 8,7 dəfə artıb.

Müşavirədə məlumat verilib ki, dəyər zənciri üzrə “Petkim”lə sinerji təşkil edəcək STAR NEZ-də tikinti işlərinin 99 faizi yekunlaşdırılıb. Bu ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton nafta və həmçinin mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. 2018-ci ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “STAR zavodu SOCAR-ın tərkibində neft-kimya kompleksi olan “Petkim”lə sinerji təşkil edəcək, şirkəti əsas xammal olan nafta ilə təmin edəcək. STAR zavodunun yanacaq məhsulları isə nəhəng potensiala malik Türkiyə bazarında reallaşdırılacaq. Beləliklə, Azərbaycana əlavə gəlir qazandırmaqla yanaşı, STAR NEZ-in fəaliyyəti həm də qardaş ölkədə yeni iş yerləri yaradacaq, idxalatın bir qismini daxili istehsalatla əvəzləyəcək”.

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51 faizlik nəzarət paketinə sahib olub. “Petkim”in dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə inşa edilən STAR neft emalı zavodu SOCAR-ın yeni strateji inkişaf kursunda mühüm yer tutan layihə olaraq, şirkətin emal və kimya aktivlərinin şaxələndirilməsinə mühüm töhfə verəcək.

Bu il SOCAR kimya sənayesi sahəsində üç zavodun istismara verilməsini planlaşdırır. Azərbaycanda istifadəyə veriləcək “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları ölkəmizdə SOCAR-ın digər müəssisələri, Türkiyədə reallaşdırılan STAR layihəsi isə “Petkim” kompleksi ilə inteqrasiya ediləcək.