Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov saxlanılaraq istintaqa təqdim edilib. Aptekə baxış keçirilərkən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkarlanaraq götürülüb.
Əməliyyat zamanı həmin aptekdən qanunsuz psixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.