logo

Dövlət Neft Fondu investisiya məkanı olaraq Koreyadan çıxmır

16:50 05-11-2020 | icon 2653
Dövlət Neft Fondu investisiya məkanı olaraq Koreyadan çıxmır

Paytaxt Seul şəhərində yerləşən “Payn Avenyu A” qülləsinin satılması Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya məkanı olaraq Koreya Respublikasından çıxması mənasına gəlmir.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edilib ki, ARDNF tərəfindən bir neçə gün əvvəl verilən açıqlamadan da aydın olur ki, Neft Fondunun investisiya portfelində Koreya vonunun göstərilməməsinin səbəbi Koreya Respublikasının Seul şəhərində yerləşən ofis tipli “Payn Avenyu A” qülləsinin satılması ilə bağlı olub. Lakin nəzərinizə çatdırmaq istərdik ki, 2014-cü ildə Seul şəhərində yerləşən ofis tipli “Payn Avenyu A” qülləsinin alınması ARDNF-in daşınmaz əmlak üzrə strategiyasından irəli gələn bir addım idi və burada məqsəd investisiya portfelinin valyuta tərkibinə Koreya vonunun timsalında yeni valyuta əlavə etmək olmayıb. Sadəcə olaraq bu investisiyanın Koreya vonunda ifadə edilməsi portfelin valyuta tərkibində adıçəkilən valyutanın yer alması ilə nəticələnib. Sözügedən investisiyanın ötən illər ərzində stabil gəlir gətirməsi və cari ildə əlverişli şərtlərlə satılması tam olaraq ARDNF-in gözləntilərini qarşılayıb. Seul şəhərində yerləşən “Payn Avenyu A” qülləsinin satılması ARDNF-in investisiya məkanı olaraq Koreyadan çıxması mənasına gəlmir. Belə ki, hazırda ARDNF-in investisiya portfelində daşınmaz əmlaka və özəl səhmlərə investisiya edən pay fondları vasitəsilə Koreya Respublikasına yatırılmış investisiyalar var, lakin sözügedən fondların hesabat valyutaları ABŞ dolları və avro olduğundan ARDNF-in müvafiq hesabatlarında da onlar həmin valyutalarda əks olunur. Gələcəkdə Neft Fondunun investisiya strategiyası və maliyyə bazarlarında davam edən tendensiyaların ətraflı təhlili nəzərə alınmaqla Koreya Respublikasına investisiyalarında müəyyən dəyişikliklər, habelə onların payının artırılması baş tuta bilər.