logo

Ankarada Bakının erməni işğalından azad olunmasının yüz illiyi qeyd edilib

18:05 30-03-2018 | icon 2331
Ankarada Bakının erməni işğalından azad olunmasının yüz illiyi qeyd edilib

Ankarada Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni daşnaklarının işğalından azad etməsinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib. 

YeniAvropa xəbər verir  ki, Türkiyə Xarici İşlər və Milli Təhsil Nazirliklərinin, Azərbaycanın Ankaradakı səfirliyinin və Keçiören rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilmiş mərasimdə elm adamları, tanınmış tarixçilər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Səfirliyimizin konsulu Şöhrət Mustafayev, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz İdarəsinin şöbə müdiri Kazım Çavuşoğlu, Ankaranın Keçiören rayonu təhsil şöbəsinin müdiri Ayhan İşık, Keçiören rayon bələdiyyə sədrinin müavini Nihat Yıldız və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə həyata keçirdiyi tarixi xilaskarlıq missiyasının ayrı-ayrı istiqamətlərinə toxunulub. Qeyd olunub ki, Nuri Paşanın komandanlığı ilə Azərbaycan xalqının imdadına çatan Qafqaz İslam Ordusunun missiyası hər zaman xalqlarımız tərəfindən böyük ehtiramla yad olunacaq, şəhidlərimizin ruhuna dualar oxunacaqdır.

Daha sonra Ankara Etlik Anadolu İmam Hatip məktəbinin şagirdləri tarixi dövrü əks etdirən səhnə nümayiş etdiriblər.

Mərasim bədii proqramla davam edib.