logo

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb

14:08 03-11-2020 | icon 2499
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli "Payn Avenyu A Qülləsi"ni 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satıb.

ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən YeniAvropa-ya bildirilib ki, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olub və alınma tarixindən neft Fondunun sözügedən investisiyadan sabit icarə gəlirləri əldə edib. Fond qeyd edilən daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın alıb. Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4 faiz, qiymət artımından gəlirlilik 4,8 faiz olmaqla ümumi gəlirlilik 36,2 faiz təşkil edib.

Əmlakın satışı ilə əlaqədar olaraq ARDNF-in icraçı direktoru İsrafil Məmmədov deyib: “Müasir standartlara cavab verən və əlverişli şərtlərlə əldə edilən "Payn Avenyu A Qülləsi" bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etmiş oldu və müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə edildi. Bununla yanaşı, "Payn Avenyu A Qülləsi"nin satışı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-in əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir”.