Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) “Zoom” vasitəsilə illik maliyyə hesabatının növbəti iclası keçirilib.
ATİB-dən YeniAvropa-ya bildirilib ki, iştirakçılar tərəfindən iclasın sədri və katiblər seçilib. Gündəliyə uyğun olaraq, ATİB-in idarə heyətinin sədri Cemal Yangın qurumun 2019-cu il üzrə fəaliyyət hesabatını təqdim edib. O, torpaqlarımızın azadlığı uğrunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə atılan addımları alqışladığını və Şanlı Ordumuza bu haqq işində göstərdiyi fəaliyyətə və mübarizliyə görə təşəkkürünü bildirib. C.Yangın azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda azad edilmiş torpaqlarda sərmayə qoymağı, iş yerləri yaratmağı və həmin ərazilərin yenidən qurulmasında iştirak etməyi böyük səbirsizliklə gözlədiyini deyib.
Təftiş Komissiyasının sədri, ATİB-in üzvü “L.B.Audit Xidməti MMC” şirkətinin direktoru Lamiyə Bayramova 2019-cu il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib. Sonra idarə heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. ATİB-in sədrinin müavini Mürsəl Rüstəmov 2021-ci il üçün büdcəni təqdim edib və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənib.