logo

Bakıda III SOCAR Beynəlxalq forumu keçiriləcək

14:21 30-03-2018 | icon 2646
Bakıda III SOCAR Beynəlxalq forumu keçiriləcək

Aprelin 23-26-da Bakıda III SOCAR Beynəlxalq "DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumu keçiriləcək.  Bu haqda YeniAvropa-ya  tədbirin tərəfdaşlarından olan Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) bildirilib. 

Məlumatda qeyd olunub ki, Forum Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın "Confidence Capital Ltd" şirkətinin birgə təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə keçiriləcək.

Regionun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, borular və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə təqdimatlar ediləcək. Eyni zamanda, Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernləşdirilməsi layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin təhlili, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.

Forumun proqramı ilə link vasitəsilə tanış olmaq mümkündür: ccapital.co.uk/en/cabinet_delegate/programme/