logo

Mənzillərdən oğurluq edənlər saxlanılıblar

13:12 29-03-2018 | icon 2345
Mənzillərdən oğurluq edənlər saxlanılıblar

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.

Belə ki, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 min 400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən qadın mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.