logo

Hərracda  40 dövlət əmlakı özəlləşdirilib

17:12 27-03-2018 | icon 2989
Hərracda  40 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən martın 27-də keçirilən növbəti hərracda rekord göstərici qeydə alınıb. Bu hərracda 40 əmlak özəlləşdirilib. Ümumilikdə 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib. Təkcə 8 əmlak üzrə 18 sifariş olub. Sifarişlərdən 7-si elektron qaydada verilib.

Komitədən YeniAvropa-ya bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müasir model olan Elektron hərracın tətbiqi dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərracın istifadəyə verilməsi, bu sahədə tətbiq edilən müasir yanaşmalar özəlləşdirilmə sahəsində məmur-vətəndaş münasibətini minimuma endirir, prosesi daha da sürətləndirir. Hərraclara onlayn qatılmaqla yanaşı, elektron qaydada qeydiyyatdan keçmək, hərraclara istənilən yerdən qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Belə ki, bu yenilik hər bir vətəndaş üçün məkan amili aradan qaldırılmaqla elektron qaydada hərraclara qoşulmaq və onlayn izləmək imkanları yaradıb. Qeyd edək ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilir. Özəlləşdirmə portalı vasitəsilə hərraca çıxarılan əmlaklar barəsində əvvəlcədən ətraflı məlumatın, o cümlədən əmlakın adının, sahəsinin, ilkin start qiymətinin, yerləşdiyi mövqeyinin öyrənilməsi də prosesin şəffaflığını, obyektivliyini artırır. Keçirilən növbəti hərracda əldə edilən müsbət nəticələr buna əyani sübutudur.

Budəfəki hərraca iki investor onlayn qoşularaq iştirak edib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 7-si kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib. Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min manat olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə, edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulub.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı, Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kvadratmetr olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa Şəkidə özəlləşdirilən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Həmin əmlakın ümumi faydalı sahəsi 220 kvadratmetrdən çox, torpaq sahəsi isə 270 kvadratmetrə yaxındır. Qeyd edək ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşdirilən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kvadratmetrə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kvadratmetr olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Hərracda, həmçinin Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib.

Özəlləşdirmə sayəsində Bakı ilə yanaşı, regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən sənaye, turizm, səhiyyə, xidmət, tikinti sahələrinə aid olan müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir. Bu isə belə müəssisələrin səmərəli fəaliyyət göstərməsi və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir.