Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkarlanıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Rəhman Əmirovdan 495 qram həşiş və 0,156 qram heroin götürülüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.