logo

Seçkilərdə polisin fəaliyyətinə dair regional müşavirə keçirilib

21:42 26-03-2018 | icon 2604
Seçkilərdə polisin fəaliyyətinə dair regional müşavirə keçirilib

Martın 26-da Gəncə şəhərində 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirə keçirilib.

YeniAvropa xəbər verir  ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev, MSK-nın nümayəndələri, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik Faiq Şabanov, eləcə də respublika üzrə 33 dairə seçki komissiyalarının sədrləri və 24 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə seçki qanunvericiliyinə əsasən polis əməkdaşlarının xidməti vəzifəsinin təşkili, xüsusən polisin üzərinə düşən vəzifələr, yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib.

Şəxsiyyəti təsdiq edən hər hansı sənədi olmayan vətəndaşlara pasport və qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi, seçki günü hüquq mühafizə əməkdaşlarının təhkim olunduqları seçki məntəqələrində ictimai asayişin qorunması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.

MSK katibliyinin əməkdaşı Faiq Bəşirov seçki subyektləri, onların hüquq və vəzifələri, qanunsuz müdaxilənin yolverilməzliyi haqqında çıxış edib.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.