logo

Güclü külək cənub bölgəsində təsərrüfatlara ciddi ziyan vurub

14:33 25-03-2018 | icon 2478
Güclü külək cənub bölgəsində təsərrüfatlara ciddi ziyan vurub

Martın 24-də axşam saatlarından başlayaraq cənub bölgəsində əsən güclü külək təsərrüfatlara və sosial obyektlərə ciddi ziyan vurub.

YeniAvropa xəbər verir  ki, güclü külək Lerik, Lənkəran, Masallı və Cəlilabad rayonlarında elektrik dirəklərini aşırıb və naqilləri qırıb, bir neçə fərdi yaşayış evinin və sosial obyektin dam örtüyünü uçurub.

Güclü külək ən çox Masallıda fəsadlar törədib. Rayondakı 10 kilovoltluq elektrik xətlərində qəza baş verdiyindən Masallı şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Bundan başqa, 10 kilometrə yaxın rabitə kabeli sıradan çıxıb, 130 ədəd rabitə dirəyi, 45-ə yaxın irigövdəli çoxillik ağac aşıb. Ağacların aşması nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Külək Masallı şəhərindəki dördmərtəbəli 32 mənzilli yaşayış binasının 300 kvadratmetr dam örtüyünü uçurub. Rayonun Qəriblər kəndində yerləşən ümumi yaşayış binasının dam örtüyünə, Həsənli kənd tam orta məktəbinin, yeni Zuvand, Təklə, Qodman, Ərkivan 1 nömrəli, Ərkivan 5 nömrəli və Qəriblər kənd məktəblərinin, Həsənli kənd, şəhər 1 nömrəli, Qızılağac və Hişkədərə kəndində yerləşən uşaq bağçalarının dam örtüklərinə də ziyan dəyib. Ərkivan qəsəbəsində iki istixana və heyvandarlıq ferması da ciddi zərər görüb. Sərcuvar kənd sakininə məxsus kənd təsərrüfatı təyinatlı obyektin dam örtüyünün uçması nəticəsində 2000-ə yaxın cücə tələf olub.

Təbii fəlakət nəticəsində rayonun Miyəkü, Türkoba, Təklə, Qızılavar, Sığdaş, Ərkivan, Qəriblər, Yenikənd, Güllütəpə və Masallı şəhər ərazisində vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və digər köməkçi tikililərə də ziyan dəyib.

Baş vermiş təbii fəlakətlə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.