Martın 24-də Daşkəsən rayonu ərazisində güclü külək-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
YeniAvropa xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Daşkəsən şəhər S.Vurğun küçəsi 15 və 16 saylı, ikimərtəbəli, hər biri 12 mənzilli yaşayış binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə ciddi ziyan dəyib. Güclü külək həmin binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən atıb.
Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyərək dam örtükləri tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib. Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətində dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görmək üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.