Vergi Məcəlləsinin 124-cü maddəsinin tətbiqində əsas məqsəd daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlirlərin hansı formada vergiyə cəlb olunduğunu müəyyən etməkdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə mövzunu şərh edən iqtisadçı ekspert İsmayıl Bağırov bildirib.
Onun sözlərinə görə, sözügedən maddəyə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir Azərbaycan mənbəyindən əldə edilibsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Ekspert qeyd edib ki, icarə haqqı vergiödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq vergini 14 faiz dərəcə ilə özü ödəyir və Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
Həmçinin nəzərə çatdırılıb ki, daşınan və daşınmaz əmlak üçün hüquqi şəxslərə (rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə) ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur.