logo

SOCAR Belarusa daha 94 min ton neft göndərir

12:58 26-08-2020 | icon 8400
SOCAR Belarusa daha 94 min ton neft göndərir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 26-27-də Belarusa daha 94 min ton Azərbaycan nefti tədarük etməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Belarus tərəfi bir neçə həftə əvvəl Azərbaycan neftinin alışı ilə bağlı SOCAR-a müraciət edib və tərəflər arasında razılıq əldə olunub.

SOCAR rəsmisi qeyd edib ki, sazişə əsasən, 93-94 min ton həcmində xam neft ilə bir tankerin 26-27 avqust tarixlərində Ceyhan limanından Odessa limanına istiqamət götürməsi planlaşdırılır.

 Belarusun “Belneftexim” dövlət konserni Odessa limanından Azərbaycan neftini  Odessa-Brodı boru kəməri  vasitəsi ilə Belarusun Mozır Neft Emalı Zavoduna (NEZ) çatdırır.

Xatırladaq ki, Belarusun  Azərbaycandan neft tədarükü ilə bağlı razılıq bu ilin martın 2-də Belarusun baş naziri Sergey Rumas ilə SOCAR prezidenti Rövnəq Abdullayevin görüşündə əldə edilib.  Razılaşmaya əsasən, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 milyon  tonadək neft nəql etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl SOCAR Trading (SOCAR-ın törəmə şirkəti), Belarusun “Belneftexim” konserninə Odessa limanı və Odessa-Brodı boru kəməri ilə ümumi həcmi təqribən 335 min tona yaxın olan dörd partiya neft çatdırıb. Bunlardan təxminən 250 min ton həcmində olan üç partiya mart ayında, 85 min ton həcmində olan bir partiya isə apreldə göndərilib.

Sonrakı partiyada isə eyni həcmdə neft iyun ayında və avqustun 2-də həyata keçirilib. Sonuncu tanker  Supsa limanından (Qara dəniz, Gürcüstan)  yola salınıb.