Rusiyalı top-menecer Azərbaycan İnvestisiya Holdinqinə baş icraçı direktor gətirildi
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan prezidentinin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq, AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.
Həmçinin Ruslan Əlixanov AİH-in baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ruslan Əlixanov idarəetmə konsaltinq sahəsində ixtisaslaşan "Boston Consulting Group" (BCG) beynəlxalq şirkətində çalışıb. O, 2013-cü ildən 2014-cü ilə qədər Mərkəzi və Şərqi Avropada ən iri özəl nəqliyyat şirkətlərindən biri olan FESCO Şirkətinin prezidenti və baş direktoru olub.
FESCO qrupuna gəlməzdən əvvəl-2001-ci ildə Ruslan Əlixanov "McKinsey & Co"nun tərəfdaşı olub və strateji və korporativ maliyyə məsələlərinə dair Rusiya təcrübəsinə, eləcə də şirkətlərin idarə olunması üzrə Şərqi Avropa təcrübəsinə rəhbərlik edib.
"virtualaz.org"a verilən məlumata görə, R.Əlixanov 1996-1998-ci illərdə Dünya Bankında layihələr rəhbəri, 2000-2001-ci illərdə isə "Dell" şirkətində çalışıb.