logo

Azərbaycan xalqı dünyada ən çox dərman yeyənlərin siyahısındadır

10:31 25-08-2020 | icon 3003
Azərbaycan xalqı dünyada ən çox dərman yeyənlərin siyahısındadır

"Zavallı Azərbaycan xalqı bərbad səhiyyəyə görə, dünyanın ən çox dərman yeyənlərin siyahısındadır".

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu özünün "Facebook" hesabında status paylaşıb. O qeyd edir ki, Azərbaycanın xarici ticarətinin gömrük statistikasına görə, bu ilin ilk 7 ayında ölkəyə 214 milyon 067 min dollar məbləğində əczaçılıq məhsulları idxal olunub: “Bu məbləğ ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir. Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb. Kosmik dövlətə çevrilən Azərbaycanda təəssüf ki, ən sadə dərman preparatları belə istehsal olunurmur”.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən ekspert qeyd edir ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb: “İyul ayında Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox artıb, yəni 55 milyon dollar olub”.

Qubad İbadoğlunun sözlərinə görə, hazırda ölkəyə dərman idxalı bir neçə şirkətin monopoliyasındadır: “Məhz onların bazarda sövdələşmələrinə görə, dərmanların keyfiyyətində də ciddi problemlər müşahidə olunur. Qiymətlərə gəlincə, onu Tarif Şurası müəyyənləşdirsə də Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir. Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsində əsas xərclərdən biri də dərmanların alışıdır”.