logo

Bu gün İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.

10:02 20-03-2018 | icon 2639
Bu gün İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

YeniAvropa xəbər verir  ki, bu il ölkəmizdə ilaxır çərşənbə Novruz bayramı ilə eyni günə təsadüf edir. Sonuncu dəfə bu hal 2001-ci ildə baş verib.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir.Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur.

Alimlırin hesablamalarına görə, İlaxır çərşənbənin Novruz bayramı ilə eyni günə təsadüf etməsi bir də 2035-ci ildə baş verəcək. O zaman yaz fəslinin gəlişi gecə saat 23 radələrində baş verəcəyi üçün ilaxır çərşənbə bayram günü ilə üst-üstə düşəcək.

 

 

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz və Novruz Bayramınız mübarək olsun!