2017-ci ildə 2 milyon 692 min 219 halda əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 milyon 681 min 391 halda isə əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 794 min 763 nəfəri olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edib.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 92 min 35 müraciət daxil olub. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 21 min 438 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib.
2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Həmçinin ötən il Azərbaycan Prezidentinin sərəncamları ilə 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.