2018-ci ilin əvvəlindən fevralın 1-dək ölkə əhalisinin sayı 6765 nəfər artaraq 9.904.850 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki, hesabat dövründə bir kvadratkilometrə düşən əhalinin sayı 114 nəfər olub. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.
Cari ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib. Doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.
Yanvarda ölkədə 5284 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. Cari ilin birinci ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4329 nikah və 1230 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 210 nəfər Azərbaycana gələn, 99 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 111 nəfər təşkil edib.