logo

Bişkekdə Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı tədbir keçirilib

18:52 14-03-2018 | icon 2324
Bişkekdə Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyinin və bu ölkənin Xarici İşlər Nazirliyinin K.Dikambayev adına Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı tədbir keçirilib. YeniAvropa xəbər verir  ki, , tədbirdə Akademiyanın professor-müəllim heyəti, aspirantlar, magistrlər, ziyalılar, həmyerlilərimiz, KİV nümayəndələri iştirak ediblər.

Diplomatik Akademiyanın rektoru xanım Çinara Adamkulova tədbiri açaraq Azərbaycan- Qırğızıstan münasibətlərindən danışıb, səfir Hidayət Orucovun bu elm ocağında dəfələrlə maraqlı mühazirələrlə çıxış etdiyini bildirib. Hidayət Orucov müstəqillik illərində Azərbaycan-Qırğızıstan əlaqələri, ölkəmizin iqtisadi inkişafı ilə bağlı geniş mühazirə oxuyub. Səfir mühazirədə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə təsadüf etdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən diplomat Dağlıq Qarabağın erməni təcavüzü ilə üzləşdiyini əsaslı faktlarla diqqətə çatdırıb, deportasiya, o cümlədən Xocalı soyqırımı barədə geniş məlumat verib.

Mühazirədə səfir ağır itkilər verməsinə baxmayaraq, Azərbaycan xalqı ilə rəhbərliyinin vəhdəti və iradəsi nəticəsində ölkəmizin inkaredilməz böyük nailiyyətlər, iqtisadi sabitlik və yüksəliş əldə etdiyi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə danışıb.

Diplomat müstəqil Azərbaycan ilə Qırğızıstanın əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Səfir eyni kökə və ortaq mədəniyyət və tarixə malik xalqlarımızın mədəni əlaqələrinin dərinləşdiyini vurğulayıb, humanitar sahədəki ikitərəfli münasibətlərimizin çox məhsuldar olduğunu, eləcə də görülən bütün işlərin böyük maraq və rəğbətlə qarşılandığını qeyd edib.

Müştərək mədəni tədbirlər haqqında məlumat auditoriyanın marağına səbəb olub.

Mühazirədən sonra Hidayət Orucov çoxsaylı suallara cavab verib.