logo

Təhsil naziri rektorlarla yaz imtahan sessiyasını müzakirə edib

18:17 08-06-2020 | icon 3367
Təhsil naziri rektorlarla yaz imtahan sessiyasını müzakirə edib

İyunun 8-də təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, videogörüşdə Ceyhun Bayramov yaz imtahan sessiyasının Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimat məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edildiyini deyib.

Nazir vurğulayıb ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda, canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.

Qeyd olunub ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək onlar üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.

Ceyhun Bayramov, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.

Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişi barədə ictimaiyyəti müntəzəm məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.