Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin iki halda qaçaqmal qolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan iki şəxsin qarşısı alınıb. Sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq havanın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçıblar. Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus 535 qram marixuana aşkarlanaraq götürülüb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçı gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram heroin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.