Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib.
YeniAvropa xəbər verir ki, səfir əvvəlcə rayon İcra Hakimiyyətində olub. İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa Qəbələ rayonu haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun timsalında aydın görmək olar. Burada yaradılan müasir tipli istehsal müəssisələri, turizm və sağlamlıq kompleksləri füsunkar və ecazkar təbiətə malik bölgənin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.
Qəbələyə səfərindən məmnunluğunu bildirən Mixael Kindsqrab Azərbaycan ilə Almaniya arasında bir çox sahələrdə yüksək səviyyəli münasibətlərin mövcud olduğunu qeyd edib.
Daha sonra səfir rayonun tarixi-mədəni məkanları, turizm obyektləri və sənaye müəssisələri ilə yaxından tanış olub.