Azərbaycandan qanunsuz yolla İrana keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, martın 8-9-da Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 halda dörd əcnəbi və bir nəfər Azərbaycan Respublikası vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Cagatheesan, 1995-ci il təvəllüdlü Ceevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıblar.
Həmin gün Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində saxlanılıb.
Martın 9-da Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.