logo

"Manata təzyiq artıb, 2015-dəki kimi devalvasiya ola bilər"-XƏBƏRDARLIQ

12:32 29-04-2020 | icon 2695
"Manata təzyiq artıb, 2015-dəki kimi devalvasiya ola bilər"-XƏBƏRDARLIQ

Volatil neft qiymətləri mühiti fonunda manata təzyiq artıb və əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, Azərbaycan 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının ciddi itkisinin qarşısını almaq məqsədilə məzənnənin tənzimlənməsinə icazə verə bilər. Bu halda sözügedən tənzimlənmə bank sektoruna əlavə zərbə vuracaq.

YeniAvropa  "Marja"ya istinadla xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib. Hesabatda  Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini BB+/B səviyyəsində, reytinq üzrə proqnozu isə stabil saxlayıb.

Reytinq agentliyinin məlumatında  Azərbaycanın tədiyyə balansının müsbət saldosu və Dövlət Neft Fondunun xarici aktivləri ölkənin əsas güclü tərəfi kimi qeyd olunur. Agentliyin hesablamalarına görə, COVID-19 pandemiyasının iqtisadiyyata tam təsiri hələ də aydın deyil və gözləntilərdən daha pis ola bilər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mart ayında bu məsələyə toxunaraq deyib ki, “istənilən neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırıq. Bizim kifayət qədər potensialımız var”. O qeyd edib ki, hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur: “Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb”.

Yeri gəlmişkən, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev bildirib ki, milli valyutanın ucuzlaşması üçün heç bir əsası yoxdur: "Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur".