logo

Martın 11-də 40 minədək şagird imtahan verəcək

15:51 07-03-2018 | icon 4039
Martın 11-də 40 minədək şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

DİM-dən YeniAvropa-ya bildirilib ki, həmin gün ümumilikdə 39496 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 4-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına ümumilikdə 277 imtahan rəhbəri, 3355 nəzarətçi-müəllim ayrılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 10-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.