logo

Sinoptiklərdən xəbərdarlıq: temperatur 5-7 dərəcə aşağı enəcək

15:27 07-03-2018 | icon 2373
Sinoptiklərdən xəbərdarlıq: temperatur 5-7 dərəcə aşağı enəcək

Sinoptiklər yağıntılı, qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, martın 9-u gündüzdən martın 10-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.