logo

“Azərsu” mexaniki sayğaclarla başlı yeni elektron xidmət  istifadəyə verib

13:58 13-04-2020 | icon 2989
“Azərsu” mexaniki sayğaclarla başlı yeni elektron xidmət  istifadəyə verib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidmətini istifadəyə verib.

ASC-dən YeniAvropa-ya bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Məlum olduğu kimi, “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər. Xidmətdən istifadə etmək istəyən abonentlər ASC-nin “Facebook” səhifəsinə daxil olub (AZERSU OJSC) mesaj bölməsində əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üzrə tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir:

- abonentin “e-mail” ünvanı

- mobil telefon nömrəsi

- şəxsiyyət vəsiqəsinin FİN kodu

- abonent kodu

- sayğac göstəriciləri

Beşinci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur. Sonra sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitəsləri isə aktiv olmalıdır.

Müraciət qeydiyyata alındıqdan sonra aidiyyatı üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS bildiriş göndərilir.

Bundan sonra abonent “www.azersu.az” saytında “Elektron faktura” elektron xidmətindən istifadə edərək abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.

“Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidməti ilə əyani tanış olmaq üçün “Azərsu” ASC-nin “Facebook” səhifəsində videoçarx yerləşdirilib.