Martın 6-da Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi işə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan tarixinin bütün dövrlərində qadın mövzusunun aktual olduğunu söyləyib. O deyib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həmişə belə olub. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib.
“Azərbaycanın 100 işgüzar xanımı” təşkilatının sədri Tatyana Mikayılova bildirib ki, qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmaları üçün müxtəlif sahələrdə islahatlar aparılmalıdır. Qızların, qadınların hüquqlarının pozulmasını araşdırmaq üçün, ilk növbədə, cinsi seleksiya məsələlərinə nəzər yetirmək lazımdır.
Tədbirdə digər çıxış edənlər “SHE Congress” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi biznesdə öz sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların öz təcrübələrini çətinlik çəkən və biznesdə ilk addımlarını atanlarla bölüşməkdir.
Xatırladaq ki, “SHE Congress” beynəlxalq qadınlar konqresi Bakıda ikinci dəfədir keçirilir. Konqresin əsası 2014-cü ildə Kiyevdə qoyulub.