Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərinin şagirdləri üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirir.DİM-dən verilən məlumatda qeyd olunur ki, monitorinq imtahanlarında 49 məktəb əhatə olunub. Azərbaycan dili fənni üzrə 3 min 609, rus dili fənni üzrə 2 min 454, riyaziyyat fənni üzrə isə 3 min 635 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.
Azərbaycan (rus) dili fənni üzrə imtahan 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.Riyaziyyat fənni üzrə imtahan dekabrın 21-də keçiriləcək. İmtahan saat 10.00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.