logo

Abid Şərifov:5,3 miyona tikilən narkoloji Mərkəz mayda istifadəyə veriləcək

21:34 03-03-2018 | icon 2548
Abid Şərifov:5,3 miyona tikilən narkoloji Mərkəz mayda istifadəyə veriləcək

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib. 

YeniAvropa xəbər verir  ki, komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə KİV-ə məlumat verib. Bildirib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. "Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. O, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub".

Yeni Mərkəzin tikintisi ilə bağlı danışan Abid Şərifov deyib ki, tikinti işlərinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur.

Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Qeyd edim ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onların ailələrinə qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın.

Komissiyanın sədri bəzi KİV-lərdə yanğınla əlaqədar əsassız iddialar səsləndirildiyini təəssüflə qeyd edib. Bildirib ki, adətən belə bədbəxt hadisələr baş verəndə ondan istifadə etməyə çalışanlar olur.

Sonda Abid Şərifov bildirib ki, Komissiyanın iclasında verilən tapşırıqların vaxtında yerinə yetirilməsini ciddi nəzarətdə saxlayacağıq.