logo

Tərtərdə hərbi hissənin yaradılmasının 26 illiyi qeyd edilib

20:13 03-03-2018 | icon 2884
Tərtərdə hərbi hissənin yaradılmasının 26 illiyi qeyd edilib

Tərtər şəhərində N nömrəli hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib. YeniAvropa xəbər verir  ki, Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi hissə komandirinə məruzə olunub, Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən hərbi qulluqçu Anar Cavadov hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan hərbi hissə 1992-ci il martın 3-də yaradılıb. Hərbi hissə yaradıldığı ilk günlərdən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib, döyüş tapşırıqlarını vaxtında yerinə yetirərək, Ağdam, Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1_1

Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov müdafiə naziri Zakir Həsənovun və Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıkovun təbrik məktublarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. Bir vaxtlar imkanları məhdud olan, yararsız şəraitdə fəaliyyət göstərən hərbi hissədə bu gün müasir tikinti-quruculuq işləri aparılıb, şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Ağcakənd, Şıxarx, Qızıloba və digər ərazilər bu hərbi hissənin apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən azad edilib. Hərbi hissənin şəxsi heyəti qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərindən, hərbi hissələrdə əsgərlərlə görüşlərindən, Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara ordumuzun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb.

Hərbi hissənin zabiti Teymur Məmmədov və Tərtər özünümüdafiə taborunun sabiq komandiri, ehtiyatda olan mayor Pənah Məmmədov çıxışlarında hərbi hissənin keçdiyi döyüş yolundan bəhs edib, hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının işğal altındakı torpaqlarımızı azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildiriblər.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin bədii proqramı ilə yekunlaşıb.